“Bayraktar”, MMU, SİPER - hər birində onun imzası var| Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN

  “Bayraktar”, MMU, SİPER - hər birində onun imzası var|  Türkiyənin müdafiə sənayesi nəhəngi  ASELSAN
3019     10:52     25 05 2022    
Türkiyənin müdafiə sənayesi sektoru son illərdə ölkə iqtisadiyyatında önəmli yer tutmağa başlayıb. Sektor həm nüfuzli sahibkarların, həm də yeni başlayan startapçıların diqqətini çəkir. Sənaye 2015-ci ildən etibarən sürətlə artır. Sektorun həmin vaxtkı dövriyyəsi təxminən 5 milyard dollar təşkil edirdi, 2019-cu ildə isə bu rəqəm iki dəfə artıb. Pandemiya səbəbindən ötən il müdafiə sənayesinin gəlirləri azalsa da, ekspertlər yenidən artacağını düşünür.

Ölkənin müdafiə sənayesinin ən böyük kompaniyası ASELSAN şirkətidir. 7000-ə yaxın işçinin çalışdığı şirkətin üçumi gəlirləri 15 milyard, xalis gəlirləri 3 milyard türk lirəsindən artıqdır. Ankarada yerləşən şirkətin əsas fəaliyyət sahəsi hava, quru və dəniz qüvvələri üçün müasir hərbi məhsulların tədqiqatı, inkişafı və istehsalıdır. Şirkət Türkiyə Silahlı Qüvvələrinin əsas podratçılarından biridir. ASELSAN “Defence News” jurnalı tərəfindən gəlir baxımından 48-ci ən böyük müdafiə şirkəti olaraq müəyyən edilib. Türkiyə Ordusu Fondu şirkətin qurucusu və əsas səhmdarıdır.


Bir müddət əvvəl şirkətin baş direktoru və idarə heyətinin sədri Haluk Görgün bildirib ki, Türkiyənin hərbi sənaye şirkəti olan ASELSAN son 13 ildə müdafiə sənayesi nəhəngləri arasında 49 pillə irəliləyib. O vurğulayıb ki, 2008-ci ildə reytinq cədvəlində 97-ci pillədə qərarlaşan şirkət davamlı inkişaf tempini qoruyub və hazırda 48-ci pillədə yer alıb. ASELSAN 50-liyə daxil olan ilk Türkiyə şirkətidir. H.Görgünün sözlərinə görə, şirkət bu ilin birinci yarısında yerli və xarici müştərilərdən 711 milyon ABŞ dolları dəyərində sifariş alıb.

ASELSAN 1975-ci ildə Türkiyə Ordusu Fondu tərəfindən qurulub. Şirkətin ilk icraçı direktoru M. Hacim Kamoy olub.


1979-cu ilin əvvəlində investisiya və infrastrukturun qurulması dövründən sonra ASELSAN Ankaradakı Macunköy obyektlərində istehsal prosesinə başlayıb. O vaxtdan bəri ASELSAN öz məhsul və müştəri portfelini, əsasən yerli tədqiqat və inkişafa, yerli təlim keçmiş kadrlara əsaslanan və Türkiyənin digər tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq edərək genişləndirib.

Şirkət Türkiyədə və xaricdə hərbi və sənaye müştəriləri üçün müasir elektron sistemlər layihələndirir, inkişaf etdirir və istehsal edir. Şirkətin baş ofisi Türkiyənin Ankara şəhərindəki Macunköy obyektlərində yerləşir. Fəaliyyət sahəsinə görə ASELSAN beş biznes sektorunda təşkil edilib:


- Rabitə və informasiya texnologiyaları sektoru
- Mikroelektronika, idarəetmə və elektro-optik sistemlər sektoru
- Radar və radioelektron mübarizə vasitələri biznes sektoru
- Müdafiə sistemləri texnologiyaları sektoru
- Nəqliyyat, təhlükəsizlik, enerji və avtomatlaşdırma sistemləri sektoru


Şirkətin əsas məhsulları hərbi və mülki rabitə sistemləri, radar və radioelektron mübarizə vasitələri, komanda-idarəetmə sistemləri, hibrid mikroelektron sxemlər, gecəgörmə cihazları, termal kameralar, lazer qoruyucuları, ətalətli naviqasiya sistemləri və sairdir.

Bütün biznes sektorlarında hərbi standartlara və ISO 9001-ə uyğun metodologiyalar kompüter dəstəkli dizayn (CAD), kompüter dəstəkli mühəndislik (CAE) və kompüter dəstəkli istehsal (CAM) texnologiyalarından istifadə etməklə tətbiq edilir.


Dünyanın 70-dən artıq ölkəsinə müxtəlif məhsullar satan ASELSAN şirkəti Türkiyənin müdafiə sənayesinin milliləşməsində önəmli yer tutub. Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra Kanada Türkiyəyə “Bayraktar TB2” zərbə PUA-larında istifadə edilən elektro-optik sistemlərin tədarükünə qadağa qoydu. ASELSAN şirkətinin mühəndisləri isə sistemlərin alternativi üzərində çalışırdı və tezliklə şirkətin istehsal etdiyi CATS elektro-optik sistemləri Türkiyə PUA-larına inteqrasiya edildi.

Bu ilin iyun ayında ASELSAN-ın baş direktoru Haluk Görgün şirkətin 2023-cü ildən sonra təqdim olunacaq müdafiə məhsulları haqqında məlumat verib. Görgün ASELSAN-ın dünyanın müdafiə texnologiyaları sahəsindəki inkişaflarını Türkiyənin ehtiyacları istiqamətində araşdıraraq respublikanın 100 illiyi üçün çalışmalarını davam etdirdiklərini bildirib. O, şirkətin üzərində işlədiyi layihələri sadalayıb.


“Uzun mənzilli regional hava hücumunda müdafiə sistemi olan SIPER layihəmiz, balistik raketdən müdafiə sistemi inkişaf layihəmiz, MMU layihəmiz, Milli GPS peykimiz, Milli peyk üzərindən əlaqə quran hərbi radiolarımız, Süni Zəka ilə təchiz edilən komandir köməkçisi, yəni süni zəka istifadə edərək sahədəki əsgərlərə dəstək ola biləcək sistemlər, bioloji hücumlara qarşı əks tədbirlər, sürü halında işləyə bilən avtonom quru və dəniz platformaları, avtonom hava hücumundan müdafiə sistemlərini nümunə olaraq göstərə bilərik”, - deyə ASELSAN rəhbəri bildirib.

ASELSAN Pilotsuz Uçuş Aparatları (PUA) bazarına da öz məhsullarını təqdim edib. Şirkət tərəfindən hazırlanmış “Saka-1” və “Saka-2” PUA-ları üçün inteqrasiya işləri tamamlanıb və bu yaxınlarda uçuş testləri həyata keçirilib. ASELSAN orijinal, daxili və milli rabitə modemini, uçuş idarəedicisini və görüntü işləmə qurğusunu, proqram təminatını və alqoritmlərini özündə cəmləşdirən 500 qramdan az çəkisi olan “Saka” PUA-larını ilin sonunadək istifadəyə verməyi planlaşdırır. Bu mərhələdə, özündə orijinal və kompakt platforma, hərəkət sistemi, qatlana bilən qanadlar, dəyişdirilə bilən batareya, uçuşa nəzarət cihazları, proqram və alqoritmləri ehtiva edən “Saka-1” və “Saka-2” üçün inteqrasiya işləri tamamlanıb.


Şirkət 11 fevral 1998-ci ildə Azərbaycanda ASELSAN Bakü adlı filialını qurub. Müəssisə hazırda Azərbaycanda mülki və hərbi əl radiostansiyası istehsal edir. Şirkətin kapitalı tam olaraq ASELSAN tərəfindən qoyulub. Satış, təmir-baxım və istehsal sahələrində fəaliyyət göstərən və nizamnamə kapitalı 500 min ABŞ dolları olan şirkət ASELSAN tərəfindən xaricdə qurulan ilk şirkətdir.

2018-ci ildə ASELSAN tərəfindən istehsal olunan lazer idarəetmə dəsti Azərbaycanda istehsal edilən sursata uğurla inteqrasiya edilib.

Vətən müharibəsində isə düşmənin radiorabitə sitemlərinin dinlənməsi və deşifrə olunması, əldə edilən hərbi kəşfiyyat məlumatlarının analizi, düşmən mövqelərinin nəzarətdə saxlanması, silahlı birləşmələrin yerdəyişmələrinin izlənməsi məhz ASELSAN şirkətinin radiorabitə və radioelektron vasitələrinin sayəsində mümkün olub.
Strategyvision.org

Teq: ASELSAN   Türkiyə-Azərbaycan  


Oxşar məqalələr
Son əlavə olunanlar